Uzm. Dr. Ağalar CavadovFiziki müalicə və reabilitasiya

Bloq

Fizioterapiya nədir və sağalma prosesində rolu nədən ibarətdir?

Fizioterapiya sadəcə bir müalicə üsulu deyil — bədənin itirilmiş funksiyalarını geri qaytaran, hərəkət mexanizmini yenidən quran elmdir.

Müəllif: Uzm. Dr. Ağalar Cavadov2 dəq oxu

Çox vaxt ağrılarla yaşamağa öyrəşirik, halbuki bədənimiz bizə siqnal verir. Düzgün seçilmiş fizioterapiya proqramı ağrıların azalmasına, hərəkət imkanlarının yaxşılaşmasına və ümumi həyat keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verir.

Fizioterapiya hansı hallarda kömək edir?

Fizioterapiya yalnız ciddi zədələrdən sonra deyil, gündəlik həyat keyfiyyətini artıran bir çox sahədə tətbiq olunur:

  • Onurğa problemləri — bel və boyun yırtıqları, protruziyalar, skolioz və kifoz kimi duruş pozğunluqları.
  • Oynaq ağrıları — diz, çiyin və omba oynaqlarında duzlaşma, maye azalması və hərəkət məhdudiyyətləri.
  • Sinir sıxılması — dirsək, əl (karpal tunel sindromu) və ayaq biləyi nahiyəsində.
  • Travma sonrası bərpa — sınıqlar, bağ yırtılmaları və idman zədələrindən sonra əvvəlki formaya qayıtmaq üçün.
  • Osteoporoz — sümük əriməsi.
  • Xroniki ağrılar — illərdir davam edən əzələ gərginlikləri və fibromialgiya ağrıları.

Fizioterapiyanın üstünlükləri

Dərmansız müalicə. Orqanizmi kimyəvi maddələrlə yormadan, fiziki metodlar və xüsusi idman hərəkətləri ilə sağalma dəstəklənir.

Cərrahiyyəyə alternativ. Bir çox halda, təcili cərrahiyyəyə ehtiyac yoxdursa, vaxtında başlanılan fizioterapiya əməliyyat ehtiyacını aradan qaldıra bilər.

Kökündən həll. Yalnız simptomu — ağrını — kəsmək deyil, ağrını yaradan səbəbi tapıb onu müalicə etmək hədəflənir.

Fərdi yanaşma niyə vacibdir?

Fizioterapiyada uğurlu nəticənin əsas şərtlərindən biri hər xəstəyə fərdi yanaşmadır. Müalicə proqramını tərtib etməzdən əvvəl xəstənin şikayətləri, mövcud xəstəlikləri, keçirdiyi əməliyyatlar, yaşı, fiziki vəziyyəti və ümumi sağlamlıq göstəriciləri ətraflı qiymətləndirilir.

Çünki eyni simptom müxtəlif insanlarda fərqli səbəbdən yarana bilər və hər xəstə üçün eyni müalicə üsulu uyğun olmaya bilər. Buna görə prosedurlar xəstənin klinik vəziyyətinə uyğun seçilir, əks göstərişlər nəzərə alınır, müalicə prosesi mütəmadi izlənilir və ehtiyac olduqda proqram yenilənir.